ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris MakKinni Bakıda rəsmi səfərdə olub.
“Təhsil365” xəbər verir ki, Səfər çərçivəsində general-mayor MakKinni Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib. Görüşlərdə hər iki ölkənin müvafiq qurumları arasında təhlükəsizlik, fövqəladə hallara hazırlıq və xüsusilə nüvə, radioloji, kimyəvi və bioloji (NRKB) təhlükələrə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
ABŞ rəsmisi həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib.
General Makkinin səfəri ABŞ-Azərbaycan arasında uzunmüddətli müdafiə əməkdaşlığının möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Tərəflər regionda təhlükəsizliyin və sabitliyin təmin olunması üçün ortaq maraqlar əsasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

