Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullaya Moldova Respublikasının Kişinyov Pedaqoji Universitetinin fəxri doktoru və universitetin ən yüksək mükafatı olan “İon Kryanqe” medalı təqdim olunub.
Təqdimat mərasimində Kişinyov Pedaqoji Universitetinin rəhbərliyi və nümayəndə heyəti iştirak ediblər.
“Tehsil365” bildirir ki, görkəmli elm xadimi, akademik, Xalq yazıçısı Kamal Abdulla beynəlxalq elmi əlaqələrin inkişafı və əməkdaşlığın qurulması istiqamətində mühüm işlərə imza atıb.
Görüş zamanı Kişinyov Pedaqoji Universitetində “Azərbaycan dili və mədəniyyəti” mərkəzinin fəaliyyətə başlaması və universitetlər arasında elmi, mədəni əməkdaşlığın qurulması ilə bağlı anlaşma memorandumu imzalanıb.
Kişinyov Pedaqoji Universitetinin rektoru Aleksandra Barbarneaqra ADU-nun rektoru, akademik Kamal Abdullanı 75 illik münasibətilə təbrik edib, universitetlər arasında elmi, mədəni əlaqələrin qurulmasında göstərdiyi diqqətə və qayğıya görə təşəkkür edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla göstərilən yüksək etimada və dəyərə görə Kişinyov Pedaqoji Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.
Söylənilib ki, universitetlər arasında əməkdaşlığın qurulması yeni elmi perspektivlərdən xəbər verir.
Bildirilib ki, ADU-nun xarici ölkə universitetlərində fəaliyyət göstərən “Azərbaycan dili və mədəniyyəti” mərkəzlərinin sayı bu gündən etibarən doqquza çatır.
ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında Kişinyov Pedaqoji Universitetində fəaliyyətə başlayan “Azərbaycan dili və mədəniyyəti” mərkəzinin ölkələr arasında elmi, mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Görüş elmi, mədəni əlaqələr ətrafında müzakirələrlə davam edib.

