Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının əməkdaşları kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın rəhbərliyi ilə 6–7 dekabr 2025-ci il tarixlərində Mingəçevir şəhərində keçirilən “Dayanıqlı İnkişaf Strategiyası Konfransı 2025” adlı III Beynəlxalq konfransda uğurla iştirak ediblər.
“Tehsil365” bildirir ki, konfrans “Qlobal tendensiyalar, milli təcrübə və yeni hədəflər” mövzusu ətrafında təşkil olunub və dayanıqlı inkişaf sahəsində qlobal meyillərin, müxtəlif ölkələrin milli təcrübələrinin, eləcə də gələcək hədəflərin müzakirəsinə həsr edilib.
Kafedranın əməkdaşları — dosent Mehbarə Qəribova, dosent Səfurə Cəfərova, dosent əvəzi Jalə Mehrəliyeva, dosent Gülbəniz Camalova, baş müəllim Gülxar Hüseynova, baş müəllim İradə Bəylərova, müəllim Nuranə Bədiyeva konfransın müxtəlif bölmələrində fəal iştirak edərək elmi məruzələrlə çıxış edib, dayanıqlı inkişafın təhsil, idarəetmə və sosial aspektləri üzrə müzakirələrə qoşulublar.
“Dayanıqlı İnkişaf Strategiyası Konfransı 2025” kafedra əməkdaşları üçün həm elmi, həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edərək iştirakçılara yeni biliklər, aktual yanaşmalar və gələcək əməkdaşlıqlar üçün dəyərli imkanlar yaradıb.

