Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi, ADU Tələbə Elmi Cəmiyyəti və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda genişmiqyaslı tələbə konfransı keçirilib.
“Tehsil365” bildirir ki, tədbir dünyanın müxtəlif regionlarında tolerantlıq siyasəti, dini və etnik münasibətlər, multikultural dəyərlər və sosial inteqrasiya məsələlərinin tələbə araşdırmaları əsasında müzakirəsinə həsr olunub. Konfrans iki paralel sessiyada – Qiraətxana və Multikulturalizm Mərkəzində – baş tutub. Hər iki sessiyada tələbələr Braziliyadan Kanadaya, Rusiyadan Balkanlara, Çin və Cənubi Avropadan Norveçə qədər geniş coğrafiyanı əhatə edən regionlarda dövlət və xalqların tolerantlıq ənənələri və multikultural məsələlərə yanaşmalarını təqdim ediblər.
Qiraətxanada keçirilən sessiyada Braziliyada Candomble dininə münasibət, Rusiya Federasiyasında tolerantlıq modeli, Balkan ölkələrində multikultural ənənələr, Amazon tayfalarının müasir vəziyyəti və Norveçdə pakistanlılara qarşı irqçilik mövzuları müzakirə olunub. Tələbələrin çıxışlarında dini müxtəliflik, etnik qrupların hüquqları və Avropada artan ksenofobiya meyilləri diqqət çəkib.
Multikulturalizm Mərkəzindəki sessiyada isə Böyük Britaniya, Kanada, Almaniya, Çin və Cənubi Avropa ölkələrində tolerantlıq siyasəti, multikultural model və miqrasiya prosesləri tələbələrin araşdırmaları əsasında təqdim edilib.
Tədbirin məqsədi regionlarda tolerantlıq siyasətinə dair nəzəri və təcrübi bilikləri gənclər arasında müzakirə etmək, tələbələrin araşdırma bacarıqlarını inkişaf etdirmək və tolerantlıq mövzusunda yanaşmaları müqayisəli şəkildə təqdim etmək idi. Sessiyalar zamanı tolerantlıq modelləri müqayisə olunub, regionlar üzrə oxşar və fərqli xüsusiyyətlər dəyərləndirilib.
Tədbirdə ADU-nun BMR fakültəsinin dekanı prof. İ. Kazımbəyli, TEC-in sədri prof. A. Məmmədbəyli, Magistratura şöbəsinin müdiri dos. F. Rzayeva və fakültənin kafedra müdirləri və müəllimləri iştirak ediblər. Konfransın təşkilatçısı, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri prof. S. Əliyeva bildirib ki, tədbirin təşəbbüskarı kafedranın baş müəllimi Sevinc Qurbanova və III kurs Amerikaşünaslıq ixtisası 369-A-B qrupları olmuşdur. Təşəbbüsçülər “Amerikada din” fənni çərçivəsində BMT-nin “Tolerantlıq Bəyannaməsi”nin müxtəlif ölkələrdə tətbiqini öyrənmək marağından çıxış ediblər.
Konfransda tələbələr tərəfindən Azərbaycan, rus və ingilis dillərində yazılmış, müəllimlər tərəfindən redaktə edilmiş və ADU TEC tərəfindən elektron şəkildə dərc olunacaq 22 məqalə təqdim edilib. Prof. İ. Kazımbəyli qeyd edib ki, bu konfrans yeni formatda keçirilib: moderatorlar, çıxış edənlər, şəkilləri çəkən və məlumatları hazırlayanlar əsasən tələbələr olub, müəllimlər isə dinləyici qismində iştirak ediblər.
Konfransın sonunda suallar cavablandırılıb, növbəti tədbirlərlə bağlı yeni təkliflər dinlənilib və hər bir iştirakçıya sertifikat təqdim edilib. Prof. A. Məmmədbəyli və prof. İ. Kazımbəyli bildirib ki, bu tip tədbirlər tələbələrin peşəkar hazırlığına, analitik düşünmə qabiliyyətinin formalaşmasına və beynəlxalq proseslərə daha dərindən yanaşmasına mühüm töhfə verir.

