Qubada məktəblilər arasında Respublika Çempionatının badminton idman növü üzrə zona mərhələsinin qalibləri müəyyənləşib.
“Tehsil365” Azərtac-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən yarışlar Azərbaycan Badminton Federasiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin mübarizə apardığı badminton yarışı Quba rayonu, Zəki Kərimov adına 1-ci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil edilib. Turnirdə 2014-2015-ci il təvəllüdlü şagirdlər mübarizə aparıblar.
Zona mərhələsinin nəticələrinə əsasən, qalib adını Qusar rayonu Eldar Əliyarov adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin komandası qazanıb. Qalib komanda birinciliyin Respublika mərhələsinə vəsiqə əldə edib.
Digər yerləri müvafiq olaraq Quba rayonu Hacıqaib kənd tam orta ümumtəhsil məktəbi və Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin komandaları tutublar.
Zona mərhələsinin qalibləri diplom və hədiyyələrlə təltif olunublar.
Yarışlar ümumilikdə 12 bölgədə təşkil edilir. Nəticələrə əsasən, 2014-2015-ci il təvəllüdlü qız və oğlan məktəblilərdən ibarət 14 komanda paytaxtda baş tutacaq final mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.

