Dekabrın 10-u, Azərbaycanın görkəmli opera müğənnisi, soprano Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1918-ci ildə Gəncə qəzasının Bayramlı kəndində dünyaya göz açıb və ömrünü Azərbaycan musiqi sənətinə həsr edib.
Gülxar Həsənova uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində fəaliyyət göstərərək unudulmaz obrazlar yaradıb. Onun güclü səsi, səhnə mədəniyyəti və sənətə olan hədsiz sevgisi onu tamaşaçıların sevimlisinə çevirib.
Repertuarında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi böyük bəstəkarların əsərləri olan Gülxar xanım xüsusilə “Leyli və Məcnun”, “Koroğlu”, “Sevil” kimi operalarda ifa etdiyi rollarla yadda qalıb.
Sənətdəki xidmətlərinə görə 1982-ci ildə Gülxar Həsənova “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb.
2005-ci il martın 30-da Bakıda vəfat edən sənətkarın xatirəsi bu gün də böyük ehtiramla anılır. Onun sənəti Azərbaycan musiqi irsinin dəyərli səhifələrindən biri olaraq yaşayır.

