Dekabrın 10-u, Azərbaycanın tanınmış şairi, nasiri, dramaturqu və publisisti Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayev) anadan olmasının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1924-cü ildə Bakı qəzasının Xırdalan kəndində dünyaya gəlib.
Zəngin yaradıcılığı ilə ədəbiyyatımıza dəyərli töhfələr verən Nəbi Xəzri həm poeziya, həm nəsr, həm də dramaturgiya sahəsində məhsuldar fəaliyyət göstərmişdir. Onun əsərlərində vətənə sevgi, mənəvi dəyərlər, insani münasibətlər və zamanın çağırışları geniş şəkildə əks olunub.
1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nəbi Xəzri uzun illər ədəbi mühitdə aktiv fəaliyyət göstərib. O, eyni zamanda tərcüməçi və ssenarist kimi də tanınıb.
Əsərləri bir çox dillərə tərcümə olunan şair SSRİ Dövlət Mükafatına (1973) və Azərbaycan SSR Dövlət Mükafatına (1982) layiq görülüb. 1984-cü ildə isə ona “Azərbaycan SSR xalq şairi” fəxri adı verilib.
Nəbi Xəzri 2007-ci il yanvarın 15-də Bakıda vəfat edib. Onun yaradıcılığı bu gün də oxunur və Azərbaycan ədəbiyyatında öz möhtəşəm yerini qoruyur.

