ABŞ-ın Kaliforniya ştatında yerləşən Long Beach City Kolleci evsiz tələbələrə dəstək məqsədilə maraqlı təşəbbüs həyata keçirir.
"Tehsil365" xəbər verir ki, Təhsil ocağı “Təhlükəsiz Parkinq Proqramı” adlı layihə çərçivəsində evsiz olan və avtomobillərində gecələməyə məcbur qalan tələbələr üçün qorunan park yerləri ayırıb.
Layihə sayəsində tələbələr gecəni təhlükəsiz şəraitdə, nəzarətli və rahat mühitdə keçirmək imkanı qazanır. Proqramda iştirak edənlərə əlavə olaraq sanitar qovşaqlardan istifadə, internet bağlantısı və digər əsas ehtiyaclar da təmin olunur. Bu təşəbbüs həm sosial dəstəyi artırmaq, həm də təhsildən geri qalmamaq üçün tələbələrə mühüm imkan yaradır.
Kollecin rəhbərliyi bildirib ki, məqsəd yalnız təhlükəsiz park yeri təqdim etmək deyil, həm də tələbələrin rifahını yaxşılaşdırmaq və onların təhsillə bağlı çətinliklərini azaltmaqdır. Proqram, ABŞ-da tələbələr arasında evsizlik probleminə diqqət çəkməklə yanaşı, digər ali təhsil müəssisələri üçün də nümunə sayıla bilər.

