Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq reytinqə əsasən, Azərbaycanda 10 ən yaxşı universitetlər siyahısına daxil olub.
“Tehsil365”xəbər verir ki,Universitetdən bildirilib ki, MDU 2025-ci il üzrə “UI GreenMetric World University Rankings” beynəlxalq reytinq siyahısında dünya üzrə 897-ci, Azərbaycan üzrə isə ilk TOP10-luqda – 9-cu yerdə qərarlaşaraq “yaşıl universitet” konsepsiyasının tətbiqi və davamlı inkişaf strategiyasındakı ardıcıl fəaliyyətini təsdiqləyib.
Bu beynəlxalq reytinqdə universitetlər təhsil və araşdırma, su resurslarının idarə olunması, nəqliyyat, enerji, iqlim və digər istiqamətlər üzrə qiymətləndirilib.
Dünya reytinqində 2024-cü illə müqayisədə 31 pillə irəliləyən MDU beynəlxalq göstəricilər üzrə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Universitetin ümumi qiymətləndirmə xalı ötən ilin 5040 nəticəsinə qarşı 2025-ci ildə 5572.5-ə yüksələrək 532,5 xal və təxminən 10.5% artım qeydə alınıb. Bu dinamika MDU-da həyata keçirilən ekoloji proqramların, yenilənən infrastrukturun və elmi-tədqiqat potensialının davamlı inkişafının bariz nümunəsidir.
Bu sahələr üzrə əldə edilən yüksək nəticələr MDU-nun “yaşıl kampus” modelinin praktiki şəkildə inkişaf etdirildiyini, ekoloji məsuliyyətin universitet idarəçiliyinin əsas istiqamətlərindən birinə çevrildiyini göstərir.
MDU-nun ölkə üzrə TOP10 universitet arasında yer alması Azərbaycan ali təhsil məkanında universitetin artan nüfuzunun, beynəlxalq reytinqlərdə sabit yüksəlişinin və qlobal standartlara uyğun idarəetmə modelinin mühüm göstəricisidir.

