İngiltərədə hökumət gənclərin rifahını gücləndirmək və "təcrid olunmuş" nəsillə əlaqə qurmaq məqsədilə növbəti dörd il ərzində 500 milyon funt sterlinq ayıracaq.
“Tehsil365” xəbər verir ki, Bu vəsait 250 gənclik mərkəzinin tikilməsi və ya yenidən qurulması, habelə 50 yeni "Gənc Gələcək" mərkəzinin fəaliyyətə başlaması üçün nəzərdə tutulub.
Layihə çərçivəsində, 2035-ci ilə qədər yarım milyon gəncin sosial bacarıqlarının inkişaf etdirilməsi, onlayn təhlükəsizlik və psixoloji rifahı üçün gənclərlə işləyən mütəxəssislər, könüllülər və etibarlı böyüklərlə bir araya gətirilməsi planlaşdırılır.
Əmək Partiyası bu mərkəzlərin bir dam altında birləşdirilmiş xidmətlər təqdim edəcəyini və gənclərə geniş dəstək imkanları yaradacağını bildirib. Onlar layihəni “məqsədli və uzunmüddətli yanaşma” kimi qiymətləndiriblər.
Mühafizəkarlar isə təşəbbüsü tənqid edərək bildiriblər ki, “leyboristlərin planı gələcək nəsil üçün daha qaranlıq bir dünya vəd edir”. Liberal Demokratlar isə hökuməti daha geniş və davamlı tədbirlər görməyə çağırıblar.
Gənclik təşkilatları isə sektorda illərdir davam edən çatışmazlıqlardan sonra bu addımı müsbət qarşılayır və "itirilmiş nəsillə yenidən əlaqə yaratmaq üçün əhəmiyyətli fürsət" hesab edirlər.

