UNEC-də müəllimlərin peşəkar inkişafını dəstəkləmək və müasir təhsil yanaşmalarının tətbiqini genişləndirmək məqsədilə Akademik İnkişaf və İnnovativ Tədris Proqramına start verilib.
“Tehsil365” xəbər verir ki, proqram universitetdə tədris prosesinə innovativ metodların sürətli inteqrasiyasını təmin etməyi və müəllimlərin müasir pedaqoji kompetensiyalarını artırmağı hədəfləyir. Bu çərçivədə UNEC-in 100 müəlliminə müxtəlif mövzularda təlimlər keçirilir. Təlimlər “Tədrisin əsas prinsipləri və pedaqoji dəyərlər”, “Sillabus tərtibatı və fənn dizaynı”, “Qiymətləndirmə və rubriklər”, “Rəqəmsal savadlılıq və Süni İntellekt ilə tədris materiallarının hazırlanması”, “Tələbə mərkəzli tədris metodları” və digər mövzuları əhatə edir.
Müəllimlərin Süni İntellekt alətlərindən istifadə etməklə tədris materiallarını hazırlaması onlara vaxta qənaət etmək imkanı yaratmaqla yanaşı, dərsləri daha interaktiv və tələbə yönümlü edir. Bu isə UNEC-in tədrisdə rəqəmsallaşma və innovasiya yanaşmasını daha da gücləndirir.
Təlimlər UNEC-in xaricdə müvafiq sahələr üzrə ixtisaslaşmış müəllimləri tərəfindən aparılır. Proqramın sonunda müəllimlərin dərs planlaşdırması, qiymətləndirmə, müasir tədris strategiyaları və rəqəmsal alətlər üzrə kompetensiyalarının artırılması nəticəsində tələbələr üçün daha səmərəli və keyfiyyətli tədris mühiti formalaşdırılacaq.

