Müasir təhsildə müəllimin əsas vəzifəsi şagirdlərdə öz fənninə qarşı maraq və sevgi yaratmaqdır.
Mövzu ilə bağlı “Tehsil365”ə açıqlama verən təhsil eksperti İlkin Məmmədkərimov bildirib ki, artıq müəllim yalnız mövzunu izah edən deyil, şagirdin diqqətini cəlb edən bir rəhbər olmalıdır. Onun sözlərinə görə, dərsin canlı, anlaşıqlı və interaktiv keçilməsi şagirdin fənnə olan münasibətini müsbət istiqamətdə dəyişir və dərsi sevdirməyi bacaran müəllim hər zaman yadda qalır.
Ekspert şəxsi təcrübəsinə də toxunaraq qeyd edib ki, orta məktəbdə oxuduğu illərdə ədəbiyyat müəllimi Könül müəllimənin dərslərini səbirsizliklə gözləyirdilər. Jurnalistika sahəsində isə Almaz xanım kimi müəllimlərin dərsləri hər zaman maraqla dinlənirdi. Onun fikrincə, bu müəllimləri fərqləndirən əsas cəhət dərsləri quru qaydalar üzərində deyil, müzakirə, araşdırma və canlı ünsiyyət əsasında keçmələri idi.
Ekspert vurğulayıb ki, “dəftərləri açın, qaydanı yazın” kimi köhnə yanaşmalar şagirdi dərsdən uzaqlaşdırır. Bu üsul sovet dövründən qalma tədris modelidir və bu gün də bəzi müəllimlər tərəfindən istifadə olunur.
Sonda о qeyd edib ki, xüsusilə gənc müəllimlər artıq dərsləri daha yaradıcı və interaktiv şəkildə aparırlar. Oyunlar, müzakirələr və müxtəlif fəaliyyətlər şagirdlərdə həm müəllimə qarşı isti münasibət yaradır, həm də fənni sevdirməyə kömək edir.

