3 dekabr tarixində Azərbaycan Dillər Universitetinin Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müəllimi Günay Feyziyevanın təşkilatçılığı və Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin dəstəyi ilə Maestro School təhsil müəssisəsində “İqlim dəyişmələri və onun gender bərabərliyinə təsiri” mövzusunda təlim keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə QİM-in sədri Aygün Əhmədova açaraq, təlimin günümüzün aktual məsələsinə həsr olunduğunu diqqətə çatdırıb. Tədbirdə QİM-in təsisçisi Mədinə Paşayeva və direktoru Leyla Səfərli də çıxış edərək, təşkilatın fəaliyyətləri barədə geniş məlumat veriblər.
İqlim dəyişikliyi kontekstində qadınların hüquq və imkanlarının gücləndirilməsi layihəsi çərçivəsində keçirilən tədbirin təlimçiləri Azərbaycan Dillər Universitetinin Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova olublar.
Təlimçi Hafizə İmanova iqlim dəyişmələrinin bəşəriyyətə təsirləri barədə ətraflı məlumat verib. Daha sonra Şəfa Əbdürrəhimova iqlim dəyişmələrinin gender bərabərliyinə təsiri mövzusunda çıxış edib.
Şəfa Əbdürrəhimova çıxışının əvvəlində təlimin “Gender zorakılığı əleyhinə 16 günlük fəallıq kampaniyası” dövründə keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. O, gender bərabərliyi anlayışı, bu sahədə mövcud beynəlxalq konvensiyalar, konstitusiya müddəaları və normativ aktlar barədə məlumat verib, iqlim dəyişmələrinin xüsusilə qadınlara göstərdiyi sosial və humanitar təsirlərə diqqət çəkib. Çıxış zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə 5-ci məqsəd – gender bərabərliyinin təmin olunması məsələsi ön plana çəkilib.
Təlim zamanı “Gender Snapshot 2024” hesabatına istinad edilərək, iqlim fəlakətləri və ekoloji risklərin qadınlara təsiri barədə statistik göstəricilər iştirakçıların diqqətinə çatdırılıb. Sosial-iqtisadi imkanların məhdudluğu, resurslara çıxışdakı bərabərsizlik və qərarvermə proseslərində təmsilçiliyin azlığı kimi amillərin qadınların risklərə daha açıq hala gəlməsinə səbəb olduğu qeyd olunub.
Çıxışın sonunda problemlərin həlli istiqamətində gender-həssas iqlim siyasətlərinin hazırlanması, qadınların ekoloji qərarvermədə iştirakının genişləndirilməsi, maarifləndirici proqramların artırılması və gender yönümlü strategiyaların tətbiqi ilə bağlı tövsiyələr səsləndirilib.
Tədbir interaktiv formatda təşkil olunub, sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Azərbaycan Dillər Universitetində keçirilən təlimlər silsiləsinin davamı olaraq, növbəti təlimlərin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilməsi nəzərdə tutulduğu qeyd olunub.

