Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə reallaşdırdığı “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovla tələbələrin görüşü keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, görüşdə rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə Ulu Öndər Heydər Əliyevin adının dövlətçiliyimizin rəmzinə çevrildiyini qeyd edib. O bildirib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderin ideyaları, siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxışında vurğulayıb ki, Azərbaycanın dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Onun respublikamıza rəhbərlik etdiyi illər Azərbaycan tarixinə inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi yazılıb. 2003-cü ildən başlayaraq isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada layiqli yerini tutub. Ümummilli Lider Heydər Əliyevin adı daim dərin hörmətlə xatırlanacaq, onun əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad ediləcək.

