Dekabrın 11-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli kimyaçı-alim akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə “Azərbaycanın neft sənayesinin inkişafında alimlərin və diplomatiyanın rolu” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan “Tehsil365" bildirilib ki, seminarı açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə bu il akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd olunduğunu bildirib. Görkəmli alimin Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri olduğunu deyən akademik G.Baxşəliyeva onun Azərbaycanda neft kimyasının bünövrəsini qoyduğunu, bu sahədə məktəb yaratdığını qeyd edib. Akademik G.Baxşəliyeva akademik Yusif Məmmədəliyevin yüksəkoktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi ilə dünyada tanındığını deyərək, 1941-1945-ci illərdə faşizm üzərində Qələbədə onun kəşfinin müstəsna rolu olduğunu bildirib.
Sonra institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Namiq Məmmədov “Azərbaycanın neft sənayesinin inkişafında alimlərin və diplomatiyanın rolu” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanda neft sənayesinin tarixindən, bu sahədə başda Yusif Məmmədəliyev olmaqla görkəmli alimlərin, o cümlədən Xoşbəxt Yusifzadənin, Anaxanım Xanlarovanın rolundan, həmçinin Azərbaycan elmi ilə neft diplomatiyasının uğurlu sintezindən bəhs edilib. N.Məmmədov bütün bunların Azərbaycanın sosial-iqtisadi inkişafına, uğurlu və şaxələndirilmiş diplomatiyasının formalaşmasına təsirlərindən danışıb.
Sonda məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.

