Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) İstanbulda keçirilən “Take Off İstanbul” beynəlxalq startap zirvəsində Azərbaycanı təmsil edən yeganə ali təhsil müəssisəsi olub.
Bu barədə '“Tehsil365"ə universitetdən məlumat verilib.
Tədbirdə ADNSU-nu Startap və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, startap müəllifləri Nərmin Məmmədova, Selcan Manaflı və Nigar Feyzi təmsil ediblər. Universitet nümayəndələri zirvə çərçivəsində müxtəlif panel və görüşlərdə iştirak edərək ADNSU-nun innovasiya mühitini, tələbələrin texnoloji yaradıcılığını və universitetdə formalaşan startap ekosistemini beynəlxalq tərəfdaşlara təqdim ediblər.
ADNSU builki tədbirdə xüsusi stendlə çıxış edərək universitet tələbələrinin “HealWith”, “VECTA” və “UManage” adlı 3 startap layihəsini beynəlxalq auditoriyaya təqdim edib. Startaplar ziyarətçilərə, ekspertlərə və potensial investorlara tanıdılıb, layihələrin tətbiq sahələri, innovativ xüsusiyyətləri və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Türkiyə Texnoloji Takımı Vakfı, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Prezidentliyin İnvestisiya Ofisinin dəstəyi ilə təşkil edilən bu tədbir qlobal startap ekosisteminin inkişafına və startapların investorlarla birbaşa əlaqə qurmasına şərait yaradan ən böyük regional platformalardan biridir.

