Dekabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının dosenti Pakizə Əliyeva İrlandiyanın Dublin şəhərində təşkil olunan XXI əsrdə Sosial Elmlər üzrə 10-cu Beynəlxalq Konfransda (10th International Conference on Social Sciences in the 21st Century) onlayn formatda məruzə ilə çıxış edib.
“Tehsil365” bildirir ki, dosent Pakizə Əliyeva “The Phenomenology of Archetypes: Lived Experience and the Structures of the Collective Unconscious” mövzusunda təqdimat edərək fenomenologiya ilə arxetip nəzəriyyəsinin kəsişmə nöqtələrini təhlil edib. Məruzədə arxetiplərin fərdi şüurda və kollektiv-mədəni təcrübədə oynadığı strukturlaşdırıcı rol elmi əsaslarla izah olunub. Alim, Edmund Husserl və Carl Gustav Jung-un nəzəri fikirlərini birləşdirərək arxetiplərin yalnız psixoloji irs olmadığını, həm də mənanın formalaşmasına təsir edən transcendental-fenomenoloji strukturlar kimi fəaliyyət göstərdiyini əsaslandırıb.
Konfransda müxtəlif ölkələrdən tədqiqatçılar onlayn formatda iştirak ediblər. Dosent Pakizə Əliyevanın məruzəsi elmi müzakirələrə dəyərli töhfə kimi yüksək qiymətləndirilib.

