Süni intellekt həyatın müxtəlif sahələrində prosesləri sürətləndirən, qərarverməni yaxşılaşdıran və məhsuldarlığı artıran mühüm texnologiya olsa da, onun yanlış tətbiqi və ya nəzarətsiz inkişafı ciddi təhlükələr və risklər yarada bilər.
"Tehsil365” “Report”a istinadən xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin rəsmisi İbrahim Süleymanov "Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası" tədbirində deyib.
O bildirib ki, hazırda ölkədə süni intellekt sahəsində 8 dövlət standartı təsdiq edilib: "Onlardan dördü təkcə 2025-ci ildə təsdiq olunub. Süni intellekt nə qədər faydalı olsa, bizim işimizi asanlaşdırsa da, bu, çox böyük risklər də daşıyır. Bu risklərlə qarşılaşmamaq və ya bu problemlərin qarşısını almaq üçün standartların tətbiqi mühüm əhəmiyyət kəsb edir".
İ. Süleymanov vurğulayıb ki, standartlar həmçinin Azərbaycanın beynəlxalq süni intellekt sistemləri ilə rəqabət aparmasına yardım göstərəcək: "Çünki hər hansı bir sistemlərdə kiçik uğursuzluq bütövlükdə ölkədə yaradılmış süni intellekt ekosistemlərinə olan etibarın itirilməsinə gətirib çıxara bilər. Etik və təhlükəsiz tətbiqlər, şəxsi məlumatların qorunması, həmçinin düzgün verilənlərlə istifadə olunmasına xüsusilə diqqət yetirilməlidir ki, süni intellekt sistemləri hazırlanan zaman etik çərçivələr daxilində düzgün məlumatlar verə bilsin".

