Bakı Qızlar Universitetində Qazaxıstan Respublikasının L.N. Qumilyev adına Avrasiya Milli Universitetinin tanınmış professorları ilə görüş təşkil olunub.
“Tehsil365” Azərtac- a istinadən xəbər verir ki, tədbir “Təbiət – İnsan – Həyat” üçlüyünün dil təmsilində etnomədəni kodlar və koqnitiv strukturlar mövzusuna həsr edilib.
Görüşdə çıxış edən Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimova vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr qədim tarixi köklərə malikdir. Ölkələrimiz bütün dövrlərdə dostluq və qarşılıqlı əməkdaşlıq mühitində inkişaf etmiş, elmi, siyasi və mədəni sahələrdə sıx əlaqələr formalaşmışdır.
Daha sonra professorlar - Karlyqaş Sarekenova, Magripa Yeskeeva və Bakı Qızlar Universitetinin professoru Nuridə Novruzova çıxış ediblər.
Təqdimat zamanı qazaxıstanlı alimlər iki universitet arasında tələbə mübadiləsinin genişləndirilməsi, ikili təhsil proqramları, magistratura və doktorantura səviyyələrində əməkdaşlıq, eləcə də ortaq şöbələrin yaradılması və elmi mobilliyin dəstəklənməsi kimi məsələlər barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələri arasında elmi-tədris əməkdaşlığının gücləndirilməsi hər iki tərəf üçün yeni və perspektivli imkanlar yaradır və bu əməkdaşlığın davamlı olması mühüm əhəmiyyət kəsb edir.
Müzakirələr zamanı tələbələrin və müəllimlərin ünvanladıqları suallar cavablandırılıb, gələcək birgə layihələr, konfranslar və akademik mobillik proqramları ilə bağlı təkliflər səsləndirilib

