Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fəaliyyət planına uyğun olaraq, məktəbin coğrafiya müəllimi Günel Hüseynova tərəfindən IX "A" sinif şagirdləri ilə “Uşaqların ekoloji sahədə maarifləndirilməsi” mövzusunda xüsusi maarifləndirici dərs təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərsin əsas məqsədi şagirdlərdə ekoloji düşüncənin formalaşdırılması, ətraf mühitin qorunması ilə bağlı bilik və bacarıqların artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın aşılanması olub. Müəllim tərəfindən ekoloji problemlər, tullantıların düzgün idarə olunması, təbiətə zərər vurmayan davranış qaydaları, iqlim dəyişmələri və onların qarşısının alınması yolları haqqında ətraflı məlumat verilib.
Şagirdlərin fəal iştirakı ilə keçən dərsdə mövzu ətrafında geniş müzakirələr aparılıb, ekoloji təhlükəsizlik və dayanıqlı inkişafla bağlı müxtəlif nümunələr təqdim olunub. Tədbir şagirdlərdə ekoloji mədəniyyətin yüksəldilməsinə və təbiətə qayğılı münasibətin möhkəmləndirilməsinə töhfə verib.

