12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Oxu zalında "Vətənə, xalqa həsr edilmiş ömür" mövzusunda tədbir keçirilib.
"Tehsil365" xəbər verir ki, Tədbirdə kitabxana əməkdaşları, Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli orta məktəbin müəllimi Gülayə Babazadə və Vb sinif şagirdləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova Ulu Öndərin Azərbaycan tarixindəki müstəsna rolundan, dövlətçilik və müstəqilliyimizin möhkəmlənməsi naminə göstərdiyi xidmətlərdən danışıb. O qeyd edib ki, Heydər Əliyev xalqın rifahı, ölkənin tərəqqisi naminə misilsiz fəaliyyət göstərmiş böyük liderdir və onun əziz xatirəsi daim ehtiramla anılacaq.
Daha sonra Oxuculara xidmət şöbəsinin müdiri Yaqut Nəzərova mövzu ilə bağlı məruzə edib, iştirakçılar isə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında çıxışlar ediblər. Tədbir şagirdlərdə Heydər Əliyev irsinə marağın artırılması baxımından əhəmiyyətli olub.

