Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi və SABAH Mərkəzinin Neft-qaz geologiyası proqram rəhbəri Rəşad Abbasovun həmmüəllifi olduğu tədqiqatda yağış nəticəsində yaranan torpaq sürüşmələrinin modelləşdirilməsi araşdırılıb.
“Tehsil365” xəbər verir ki,Rəşad Abbasov AZƏRTAC-a açıqlamasında bildirilib ki, işin əsas məqsədi torpaq sürüşmələrinin yaranma mexanizmini daha dəqiq anlamaq və proqnozlaşdırma metodlarını təkmilləşdirmək olub. Tədqiqatda doymamış torpaq mühitlərində suyun hərəkətini təsvir edən Riçards tənliyi və torpağın mexaniki davranışını izah edən Biot məsamə elastikliyi yanaşması birləşdirilərək vahid model şəklində ilk dəfə sistemli şəkildə formullaşdırılıb. Bu tam hidromexaniki model müxtəlif sadələşdirilmiş modellərlə müqayisə edilib.
Modelin hesablamaları “COMSOL Multiphysics” proqramında aparılıb, nəticələr etalon ssenarilərlə yoxlanılıb. Daha sonra model Azərbaycanın ən aktiv sürüşmə zonalarından biri olan Badamdar ərazisi üzərində sınaqdan keçirilib. Real sahə məlumatları da tam modelin üstünlüyünü təsdiqləyib.
Tədqiqat nəticələri yağış mənşəli torpaq sürüşmələrinin daha dəqiq qiymətləndirilməsi üçün modelin mürəkkəbliyinin nə dərəcədə vacib olduğunu göstərir.
Tədqiqat işi yüksək impakt faktorlu Q1 kvartilli “Engineering Geology” jurnalında dərc edilib.

