Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri İssa Jılduz və Alaidar Nurlı Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində olublar.
“Tehsil365” xəbər verir ki, səfərin məqsədi 2026/2027-ci tədris ilindən etibarən riyaziyyat ixtisası üzrə riyazi fizika ixtisaslaşması istiqamətində magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Görüş zamanı fakültə rəhbərliyi ilə əməkdaşlıq mexanizmləri, magistrant və müəllimlərin qarşılıqlı mübadilə məsələləri, gələcək tədris planının hazırlanması, kreditlərin uyğunlaşdırılması və tədris olunacaq fənlərin müəyyənləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri fakültədə kompüter elmləri, informatika müəllimliyi və riyaziyyat ixtisasları üzrə keçirilən dərslərdə iştirak edib, tələbə və magistrantlarla görüşərək təcrübə mübadiləsi aparıblar.
Sonda mübadilə proqramında iştirak edən nümayəndələrə BDU tərəfindən sertifikatlar təqdim olunub.

