Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi çapdan çıxıb.
“Tehsil365” xəbər verir ki, kitabın müəllifləri akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvləri Dadaş Hüseynov və Tələt Kəngərlidir.
Əsər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində aparılmış ətraflı geoloji elmi tədqiqatların, geoloji xəritələmə və geoloji axtarış-kəşfiyyat işlərinin nəticələrini əks etdirən vahid məlumat toplusudur.
Kitabın birinci cildində ərazinin geodinamik mövqeyi, tektonikası, stratiqrafiyası, maqmatizmi, seysmikliyi, eləcə də süxurların təbii radioaktivliyinə aid sistemləşdirilmiş məlumatlar verilir. İkinci cilddə ərazinin hidrogeologiyası, faydalı qazıntıları, mineralları haqqında məlumatlar yer alıb.
İkicildlik ərazinin geoloji xüsusiyyətləri və faydalı qazıntıları ilə maraqlanan mütəxəssislər, yerli idarəetmə orqanları, təhsil müəssisələri, özəl qurumlar, həmçinin geniş oxucu kütləsi üçün yığcam və dolğun məlumat bazası üslubunda tərtib edilib.

