Dekabrın 10-da Azərbaycan Dillər Universitetinin Qərb ölkələri üzrə regionşünaslıq kafedrası və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbə və müəllim heyətinin iştirakı ilə “İdeyadan Startapa — Sənin innovasiya yol xəritən!” – Əmək bazarına fərdi giriş adlı təlim keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə açan Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova müasir dünyada böyük dəyişikliklərə səbəb olan layihələrin sadə ideyadan başladığını qeyd edib. O vurğulayıb ki, ideyanın düzgün istiqamətləndirilməsi, bazarın öyrənilməsi və real startapa çevrilməsi peşəkarlıq tələb edir. Təlimin məqsədi bu bacarıqları tələbələrə aşılamaq, onları innovasiya ekosisteminə yaxınlaşdırmaq və gələcək layihələrində uğur qazanmağa yönəltməkdir.
Daha sonra “Yeni Fikir” MMC-nin Biznesin inkişafı və innovasiyalar üzrə direktoru Telman Mustafayevə söz verilib. Təlimçi iştirakçılara gələcəkdə öz işlərini qurmaq, virtual əmək bazarında fəaliyyət göstərmək və özünü məşğulluq imkanlarından yararlanmaq istiqamətində ətraflı məlumat verib. O, ideyanın formalaşmasından başlayaraq onun real biznes modelinə çevrilməsi üçün tələb olunan bütün mərhələləri izah edib.
Təlim zamanı innovasiya prosesinin mahiyyəti, ideyanın dəyərləndirilməsi, bazar araşdırması, hədəf auditoriyanın müəyyənləşdirilməsi, rəqiblərin analizi və biznes modelinin qurulması kimi mövzular təqdim olunub. Tələbələr həmçinin dünyada və Azərbaycanda mövcud olan uğurlu startap nümunələri, onların inkişaf strategiyaları və investorların diqqət yetirdiyi əsas meyarlar barədə məlumatlandırılıblar.
Telman Mustafayev bildirib ki, peşəkarlığa yiyələnmiş gənclər dil və texnologiya üzrə biliklərini inkişaf etdirərək istənilən sahədə yeni fəaliyyət istiqaməti yarada və özlərini işlə təmin edə bilərlər.
Təlim interaktiv müzakirələr və praktiki tapşırıqlarla müşayiət olunub. İştirakçılar fərdi və komanda ideyalarının müəyyənləşdirilməsi, bazar ehtiyaclarının araşdırılması, ideyaların rəqabətədavamlı biznes modelinə çevrilməsi və investorlar üçün peşəkar pitch təqdimatının hazırlanması kimi bacarıqlar əldə ediblər.
Təlim tələbələrdə innovativ düşüncə tərzinin formalaşdırılması, yaradıcılıq və analitik yanaşma qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin yeni layihələrə başlamaları üçün motivasiya baxımından mühüm əhəmiyyət daşıyıb.
Sonda Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva təlimçi Telman Mustafayevə təşəkkürnamə təqdim edərək onun tələbələrin innovativ düşüncəsinə və gələcək startap fəaliyyətlərinə verdiyi dəyərli töhfəni yüksək qiymətləndirdiyini bildirib.

