Dekabrın 10-da Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Təhsildə sosial-psixoloji ixtisası üzrə təhsil alan II kurs 229-cu qrup tələbələrinin iştirakı ilə Analitik psixologiyanın banisi Karl Qustav Yunqun anadan olmasının 150 illiyinə həsr olunmuş “Şüurun dərinliklərinə – səyahət” adlı tədbir keçirilib.
“Tehsil365” bildirir ki, Psixologiya və Pedaqogika kafedrasının dosenti Ceyhun Alıyevin rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən tədbirdə fakültənin III kurs tələbələri, həmçinin universitet müəllimləri Akif Quliyev, Nəsir Xankişiyev və ADU Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ceyhun Alıyev psixologiya tarixində xüsusi yeri olan K. Yunqun elmə verdiyi əvəzsiz töhfələrdən bəhs edib. Daha sonra tələbələr K. Yunqun həyat və yaradıcılığı, nəzəriyyələri, psixologiya elminə gətirdiyi kollektiv şüursuzluq, arxetiplər, kölgə, persona, anima və animus kimi anlayışların mahiyyəti barədə çıxış ediblər. Həmçinin ekstravert və introvert şəxsiyyət tipləri, onların xüsusiyyətləri və böyük psixoloqun aforizmləri tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə çıxış edən Misgər Məmmədov tədbirin mütəxəssis hazırlığında oynadığı əhəmiyyətli rolu vurğulayaraq tələbələrə və müəllim heyətinə uğurlar arzulayıb.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

