Dekabrın 12-də Azərbaycan Dillər Universiteti Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi, İngilis və Alman Dilləri Fakültəsi və İngilis və Fransız Dilləri Fakültəsinin birgə təşkilatçılığı ilə Oxu zalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri və tələbələrin geniş iştirakı ilə baş tutmuş, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, təhsil siyasəti və gənclərə verdiyi önəm mövzusunda fikir mübadiləsi üçün əhəmiyyətli platforma yaratmışdır.
“Tehsil365” bildirir ki, tədbirin əsas məqsədi Ulu Öndərin Azərbaycan dövlətçiliyi, təhsil və maarifçilik sahəsində göstərdiyi misilsiz xidmətləri yad etmək, gənclərdə və tələbələrdə vətənpərvərlik ruhunu və milli dəyərlərə hörməti gücləndirmək, həmçinin tələbələr arasında fikir mübadiləsi üçün platforma yaratmaq olub.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı video nümayiş etdirilib.
Tədbirin moderatoru Elşən Hüseynli Ulu Öndərin həyat və fəaliyyətindən qısa bəhs edərək iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış edib.
Rəsmi açılışı Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva edib. Cəmilə Əliyeva çıxışında Heydər Əliyevin elm, təhsil və kitabxana sahəsinə verdiyi töhfələrdən danışıb.
Daha sonra söz İngilis və Fransız Dilləri Fakültəsinin dekanı Vəfa Babayevaya verilib. Vəfa Babayeva çıxışında Heydər Əliyevin gənclərin xarici dilləri öyrənməsinə verdiyi önəmi vurğulayıb və tələbələrin bilik və bacarıqlarını praktik sahədə tətbiq etməsinin əhəmiyyətini qeyd edib.
İngilis və Alman Dilləri Fakültəsinin dekanı Naibə Camalzadə isə çıxışında Heydər Əliyevin təhsilə və gənclərə verdiyi önəmi vurğulayıb, ölkədə təhsil sahəsinin inkişafına göstərdiyi diqqəti xüsusi qeyd edib. O, universitetdə dil və mədəniyyət tədrisinin mühüm istiqamətlərdən biri olduğunu bildirib, tələbələrin akademik və şəxsi inkişafında Ulu Öndərin prinsiplərinin bu gün də aktual olduğunu vurğulayıb. Dekan, tələbələrin bilik və bacarıqlarının artırılmasının universitetin əsas prioritetlərindən biri olduğunu qeyd edərək, gənc nəslin maariflənməsi üçün bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Növbəti çıxışçı Mülki Müdafiə və Tibbi Biliklərin Əsasları Kafedrasının müdiri Sevda Zamanova Heydər Əliyevin vətənpərvərlik və gənclərin sağlamlığı sahəsindəki siyasətindən bəhs edib.
Dəyirmi masada İngilis və Alman Dilləri Fakültəsinin tələbələri Nəzrin Əlizadə, Nərgiz Şirinova, Şəlalə Abbasova və İngilis və Fransız Dilləri Fakültəsinin tələbələri Şəms Talıblı və Nabat Fərzəliyeva da fəal iştirak edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqqında fikirlərini təqdim ediblər. Tələbələr çıxışlarında Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, təhsil siyasəti və milli dəyərlərə verdiyi önəmi vurğulayıb, onun ideyalarının gənc nəsillərin təhsil və maarifləndirilməsində əhəmiyyətini qeyd ediblər.
Tədbirin yekun nitqini Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi Anar Osmanlı edib. O, çıxışında tədbirin əhəmiyyətini vurğulayıb, Heydər Əliyevin ideyalarının gənc nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. Anar Osmanlı tədbirin tələbələr üçün ilhamverici olduğunu, onların vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunun gücləndirilməsində əhəmiyyətli rol oynadığını bildirib. Eyni zamanda universitetdə elm, təhsil və maarifçilik sahəsində Heydər Əliyevin siyasətinin davam etdirilməsinin vacibliyini qeyd edib.
Tədbirin bağlanış hissəsində moderator və təşkilatçılar iştirakçılara təşəkkür edib, çıxışçıların və tələbələrin söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, dəyirmi masa Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, təhsil siyasəti və gənclərə verdiyi önəmi bir daha xatırladıb, tələbələrdə və gənc nəslin nümayəndələrində vətənpərvərlik və milli dəyərlərə hörmət hissinin gücləndirilməsinə xidmət edib.

