Dekabrın 12-də Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində Beynəlxalq Münasibətlər, Qafqazşünaslıq və Azərbaycan tarixi, həmçinin Fəlsəfə və İctimai Elmlər kafedrasının təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Milli tərəqqinin banisi” adlı tədbir keçirilib.
“Tehsil365” bildirir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin moderatoru, Beynəlxalq Münasibətlər kafedrasının professoru Aidə Yusifzadə tədbiri açaraq Ulu Öndərin Azərbaycan Respublikasının inkişafında misilsiz xidmətləri olduğunu qeyd edib.
Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxın nümayişindən sonra söz Fəlsəfə və İctimai Elmlər kafedrasının professoru Şəfəq Abdullayevaya verilib. Professor Şəfəq Abdullayeva “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda çıxış edərək Ulu Öndərin Azərbaycançılıq ideologiyasının ölkənin milli maraqlarını əks etdirdiyini xüsusi vurğulayıb.
Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Nərmin Əkbərli “Heydər Əliyev fenomeni – xalqımızın siyasi-mənəvi sərvəti və tərəqqi yolu” mövzusunda çıxışında Ulu Öndərin milli tərəqqinin inkişafındakı rolundan geniş bəhs edib.
“Heydər Əliyevin Qafqazda sülh siyasəti” mövzusunda çıxış edən Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Gülsüm Tağızadə Heydər Əliyevin regionda apardığı siyasətin Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin formalaşmasında həlledici əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirin sonunda fakültə dekanı, tarix elmləri doktoru, professor İbrahim Kazımbəyli Ulu Öndərin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizəsində qarşılaşdığı çətinliklərin öhdəsindən uğurla gəlməsindən danışıb.

