Dekabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsində, ADU-nun dosenti Aytən Məhərrəmovanın rəhbərliyi ilə 113a və 113b qruplarında Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş dərs keçirilib.
“Tehsil365” bildirir ki, tədbirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətinin tələbələrə daha dərindən çatdırılması, eləcə də onun müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında yaratdığı böyük irsin təbliği olub. Dərs İngilis və Fransız dilləri fakültəsinin Tələbə Həmkarlar İttifaqı sədri Şəms Talıblı, Tələbə Elmi Cəmiyyəti sədri Nigar Alıyeva və Tələbə Gənclər Təşkilatının sədri Jalə Qəhrəmanovanın birgə təşəbbüsü ilə hazırlanıb.
Dərsin gedişində fakültə dekanı, dosent Vəfa Babayeva iştirak edərək Heydər Əliyevin müasir Azərbaycanın quruculuğundakı həlledici rolu, onun siyasi kursunun ölkənin tərəqqisini təmin edən strateji xətt kimi əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Tədbir zamanı müxtəlif dillərdə çıxış edən tələbələr Ulu Öndərin fəaliyyətinin bir sıra istiqamətlərini təqdim ediblər:
113b qrupunun tələbəsi Elvira Əkbərli – “Heydər Əliyevin daxili siyasəti” mövzusunda slayd təqdim edərək dövlət idarəçiliyi, sosial-iqtisadi islahatlar, təhsil və mədəniyyət sahələrində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.
113a qrupunun tələbəsi Aysu Əlizadə Heydər Əliyevin tarixi xidmətlərinə dair təqdimatla çıxış edərək onun dövlət quruculuğu prosesində atdığı addımların əhəmiyyətini vurğulayıb.
THİ sədri Şəms Talıblı – ingilis dilində Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri barədə məruzə edərək həmin səfər zamanı imzalanan əməkdaşlıq müqavilələri, siyasi və iqtisadi sahələr üzrə görülən işlər və iki ölkə arasındakı strateji münasibətlərin möhkəmləndirilməsi haqqında məlumat verib.
İngilis və Alman dilləri fakültəsinin Alman dili ixtisası üzrə 210a qrup tələbəsi Aysu Zeynalova – Ulu Öndərin Almaniyaya səfəri, bu səfərin Avropa ilə əlaqələrin genişlənməsində rolu, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində imzalanan sənədlər barədə əhatəli təqdimat edib.
İngilis və Fransız dilləri fakültəsinin Fransız dili ixtisası üzrə 223c qrup tələbəsi Nabat Fərzəliyeva – fransız dilində Heydər Əliyevin Fransa ilə diplomatik münasibətlərin inkişafı və strateji tərəfdaşlığın formalaşmasındakı roluna dair çıxış edərək Ulu Öndərin Fransaya səfərləri, imzalanan müqavilələr və iki ölkə arasında humanitar-mədəni əlaqələrin genişlənməsi barədə maraqlı məlumatlar təqdim edib.

