Dekabrın 12-də Prezident Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Prezident Kitabxanasında Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub.
“Tehsil365” bildirir ki, kitabxanadan AZƏRTAC-a bildirilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açıb. O, çıxışında Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna rolundan, müasir Azərbaycanın formalaşmasındakı xidmətlərindən və onun ideyalarının bu gün də ölkəmizin inkişafına istiqamət verməsindən bəhs edib. Professor Afət Abbasova qeyd edib ki, Ulu Öndərin zəngin irsi Prezident Kitabxanasının fəaliyyətində mühüm yer tutur və onun siyasi fəaliyyətinin təbliği daim diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmaylov, Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsinin müdiri Kəmalə Qasımova, Elektron nəşrlərin tərcüməsi qrupunun rəhbəri Kəmalə Quliyeva, İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova, Kitabxana-biblioqrafiya xidməti bölməsinin baş mütəxəssis-biblioqrafı Ülkər Mirzəquluzadə Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışaraq, onun siyasi irsinin bu gün də öz aktuallığını qoruduğunu vurğulayıblar.
Anım günü münasibətilə Prezident Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş kitab və fotosərgisi təqdim olunub. Sərgidə Heydər Əliyevin siyasi fəaliyyəti, xarici siyasət xətti, dövlət quruculuğu prosesinə rəhbərliyi, mədəniyyət və elm sahələrinin inkişafına yönəlmiş fəaliyyəti ilə bağlı nəşrlər və fotomateriallar nümayiş etdirilib.
Bununla yanaşı, tədbir çərçivəsində Prezident Kitabxanasının hazırladığı virtual sərgi də nümayiş etdirilib. Virtual sərgi Ulu Öndərin irsinin daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyır və ziyarətçilərə onun həyat yolunu interaktiv şəkildə araşdırmaq imkanı yaradır.
Tədbirin sonunda Ulu Öndərin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

