Cənubi Koreyada ali məktəblərə qəbul imtahanının (CSAT) ingilis dili bölməsinin bu il həddən artıq çətin olması cəmiyyətdə narazılıq doğurub.
"Tehsil365" xəbər verir ki, Məsələ ilə bağlı ölkənin imtahan rəhbəri ictimai təzyiqlər fonunda istefa verdiyini açıqlayıb.
Valideynlər və tələbələr ingilis dili suallarının əvvəlki illərlə müqayisədə daha çətin və anlaşılmaz olduğunu bildiriblər. Rəylərə görə, bu, minlərlə gəncin təhsil, karyera və sosial gələcəyinə ciddi təsir göstərə bilər. Cənubi Koreyada qəbul imtahanları təkcə universitetə daxil olmaq üçün deyil, həm də gələcək iqtisadi sabitlik və sosial status üçün həlledici rol oynayır. İmtahanda yüksək nəticə yaxşı iş və hətta uğurlu evlilik fürsəti ilə əlaqələndirilir.
İmtahan rəhbəri ictimaiyyətə ünvanladığı çıxışında narazılıqları başa düşdüyünü və məsuliyyəti üzərinə götürərək istefa verdiyini bildirib. Hadisə ölkədə təhsil sisteminin gərgin təzyiqləri və psixoloji təsirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

