“Boşanma uşaqların həyatında zərərli təsirlərə səbəb ola bilər”
“Tehsil365”ə açıqlama verən hüquqşünas Vüsal Cəfərov bildirib ki, nikah pozularkən tərəflər arasında yaranan ən birinci problemlərdən biri uşağın hansı valideynin himayəsində qalması, digər valideynlə ünsiyyətin üsul və qaydası, həmçinin aliment öhdəliyinə bağlı məsələlərdir.
Vüsal Cəfərov əlavə edib ki, təcrübə göstərir ki, boşanan cütlüklər sonradan uşaqdan intiqam vasitəsi kimi istifadə edirlər. Yəni, uşaq hansı valideynin himayəsindədirsə, həmin valideyn digər valideynin uşaqlarla ünsiyyətinə maneələr yaradır. Bundan sonra digər valideyn də müəyyən şərtlər irəli sürür və aliment öhdəliyini icra etməkdən imtina edir.
Hüquqşünas vurğulayıb ki, nəticədə bu hallardan zərər görən yeganə şəxslər uşaqlardır. Onun sözlərinə görə, tərəflər öz aralarındakı problemləri uşaqların mənafeyi naminə həll etməli və bu kimi hallarda qarşılıqlı razılığa gəlməlidirlər.

