Qış mövsümündə soyuq hava şəraiti və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi hava-damcı yolu ilə yayılan infeksiyaların, xüsusilə qripin artmasına səbəb olur. Bu barədə TƏBİB məlumat yayıb.
“Tehsil365”in məlumata görə, Xəzər Tibb Mərkəzinin həkim-infeksionisti Aytən Ziyadova qripin əlamətləri, müalicə üsulları və profilaktik tədbirlərlə bağlı bildirib ki :
“Həkim bildirib ki, qrip əsasən öskürək zamanı havaya yayılan damcılar vasitəsilə yoluxur. Virus tənəffüs yollarının selikli qişasına yerləşdikdən sonra 1–7 gün inkubasiya dövrü keçir və daha sonra xəstəliyin ilk əlamətləri ortaya çıxır. Qripin əsas simptomlarına ani qızdırma, öskürək, boğaz ağrısı və əzələ ağrıları daxildir.”
Aytən Ziyadovanın sözlərinə görə, qrip demək olar ki, bütün yaş qruplarına təsir göstərə bilər. İmmuniteti güclü olan şəxslər xəstəliyi adətən yüngül keçirir. Lakin soyuq iqlim, nizamsız qidalanma, yuxu rejiminin pozulması və stress immun sistemini zəiflədərək qripə yoluxma riskini artırır.
Qripin müalicəsi iki əsas istiqamətdə aparılır: dəstəkləyici və antiviral müalicə. İmmuniteti normal olan şəxslərdə əsas məqsəd simptomların yüngülləşdirilməsi, istirahət, bol maye qəbulu və sağlam qidalanmadır. Risk qrupuna daxil olanlar – körpələr, uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün isə antiviral müalicə tövsiyə olunur. Xüsusilə xəstəliyin ilk 1–2 günü ərzində müalicəyə başlamaq ağırlaşmaların qarşısını almağa kömək edir.
Həkim-infeksionist vurğulayıb ki, qrip yoluxucu xəstəlik olduğundan, xəstələrin mümkün qədər təcrid olunması vacibdir. Qrip əlamətləri olan şəxslər ictimai nəqliyyatdan istifadə etməməli, zəruri hallarda isə maskadan istifadə etməklə virusun yayılmasının qarşısını almalıdırlar.

