Azərbaycanda müşahidə olunan soyuq və şaxtalı hava şəraiti bəzi rayonlarda avtomobil yollarının buz bağlamasına səbəb olub. Bu vəziyyət sürücülər üçün ciddi təhlükə yaradıb.
“Tehsil365”in məlumata görə, xüsusilə dağlıq və dağətəyi ərazilərdə, eləcə də gecə və səhər saatlarında yollarda buzlanma müşahidə olunur. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır, yol-nəqliyyat hadisəsi riski artır.
Müvafiq qurumlar sürücülərə ehtiyatlı olmağı, sürət həddini azaltmağı, ara məsafəsini qorumağı və qəfil manevrlərdən çəkinməyi tövsiyə edirlər. Həmçinin zərurət olmadıqca buzlanma ehtimalı yüksək olan istiqamətlərdə səfərlərin təxirə salınması məsləhət görülür.
Qeyd edək ki, hava şəraiti ilə bağlı xəbərdarlıqların davam etməsi gözlənilir. Sürücülərdən yola çıxmazdan əvvəl yol və hava məlumatlarını diqqətdə saxlamaları xahiş olunur.

