15 dekabr 1912-ci ildə Bakıda dünyaya gələn Ağabacı İsmayıl qızı Rzayeva Azərbaycan musiqi tarixində bir ilkə imza ataraq ölkənin ilk qadın bəstəkarı olub.
“Tehsil365” xəbər verir ki, Yaradıcılığında xalq musiqisinin zəngin motivlərini və klassik musiqi üslubunu ustalıqla birləşdirən Rzayeva, həm peşəkar bəstəkar, həm də maarifçi kimi mühüm xidmətlər göstərib. Onun bəstələdiyi mahnılar, romanslar, teatr musiqiləri və xor üçün yazılmış əsərlər uzun illərdir ifa olunur və sevilir.
Ağabacı Rzayeva 1960-cı ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Onun musiqiyə gətirdiyi yeniliklər və qadınların bu sahəyə inteqrasiyasında rolu danılmazdır.
Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamış sənətkar 5 iyul 1975-ci ildə Bakıda vəfat edib. Ağabacı Rzayevanın adı bu gün də Azərbaycan musiqisinin parlaq simalarından biri kimi hörmətlə anılır.

