Azərbaycan Texniki Universitetində qiyabi təhsil alan Həsənova Xədicə ilə apardığımız reportajda o, bu təhsil formasının onun üçün necə səmərəli və məqsədəuyğun olduğunu bölüşdü.
“Tehsil365” xəbər verir ki, Xədicə bildirir ki, qiyabi təhsil ona vaxtını daha düzgün bölüşdürmək, işləmək və eyni zamanda təhsil almaq imkanı verir. O qeyd edir: “Mən hər gün universitetə getməyin tərəfdarı deyiləm. Qiyabi təhsil mənim 4 ilimi mənasız keçirtməyimə imkan vermədi. Heç bir çətinlik yaşamıram, əksinə çox rahatdır.”
İş və təhsili uğurla uzlaşdıran tələbə, bu sistemin ona ilin böyük hissəsini işləməyə imkan verdiyini də vurğulayır. Gündəlik planlama mövzusunda isə deyir: “Günümün çox vaxtı boş olur, tam iş günü işləmək şansım var.”
Qrup yoldaşları və müəllimlərlə əlaqənin zəif olduğunu qeyd edən Xədicə, imtahan dövrlərində isə əsas çətinliyin sıx cədvəl olduğunu söylədi: “Ən azı imtahanlar bir gündən bir olsa, daha yaxşı olardı.”
O, dərsliklərə çıxış imkanını qənaətbəxş sayır və gələcəkdə ixtisası üzrə çalışmaq niyyətində olduğunu bildirib. Əyani təhsilə keçmək istəmədiyini vurğulayan tələbə əlavə edir ki, bu təhsil forması şəxsi və ailə həyatına da müsbət təsir göstərir.
Qiyabi təhsil sayəsində dil və ixtisas bacarıqlarını inkişaf etdirdiyini deyən Xədicə, gələcəkdə daha çox uğura imza atmağı hədəflədiyini bildirib.
Bu müsahibə qiyabi təhsilin real imkanlarını və üstünlüklərini tələbə gözü ilə görmək üçün maraqlı bir nümunədir.

