“Son illər ali təhsil alan gənclərin sayı artsa da, onların əmək bazarına inteqrasiyasında ciddi problemlər qalmaqdadır. Universitet məzunlarının bir hissəsi ixtisasına uyğun iş tapa bilmir, digərləri isə tamamilə fərqli sahələrdə çalışmağa məcbur qalır. Bu isə ali təhsil sistemi ilə real iş bazarı arasında ciddi uyğunsuzluğun mövcud olduğunu göstərir”.
“Gənclərin iş tapa bilməməsində əsas səbəb gənclərin bilik və bacarıqlarıdır”-bunu “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə bizim gənclərimiz ali təhsil müəssisəsinə qəbul olduqdan sonra ali təhsil müəssisəsində köhnədən qalan düşüncə, ideologiya və tədris prosesi bizim gənclərimizin öz sahələri üzrə praktiki biliklərini demək olar ki, yox səviyyəyə gətirib çıxarır.
“Hazırda əksər ali təhsil müəssisələrində nəzəri biliklər verilir. Praktiki biliklər isə yoxdur. İşə götürən də işə götürdüyü zaman həmin kadrı müsahibəyə çağırır. Lakin görür ki, o kadrın sahəsi üzrə praktiki biliyi yoxdur. Məsələn, pedaqoji ixtisas üzrə bitirən bir gənc MİQ imtahanına girə bilmir. Ona görə də əlavə hazırlıq kurslarına yazılır”

