Özünəinamı aşağı olan uşaqlar adətən özlərini başqaları ilə tez-tez müqayisə edir, səhv etməkdən qorxur və “bacarmaram” düşüncəsi ilə hərəkət edirlər. Bu halda ən vacib məsələ uşağı tənqid etmədən, olduğu kimi qəbul etməkdir.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nizami Orucov deyib. O, bildirib ki:
“Valideynlər və müəllimlər uşağın yalnız nəticələrinə yox, göstərdiyi cəhdə diqqət etməlidirlər. Uşaq hiss etməlidir ki, onu sevmək üçün mükəmməl olmağa ehtiyac yoxdur. Kiçik uğurların belə görünməsi və dəyərləndirilməsi uşağın özünə baxışını tədricən dəyişir.
Ekspertin fikrincə, digər vacib məqam uşağa söz haqqı verməkdir. Onun fikirlərini dinləmək, qərar vermə prosesinə cəlb etmək “mən dəyərliyəm” hissini gücləndirir. Həmçinin uşağın bacardığı sahələri tapmaq və orada inkişafına şərait yaratmaq çox önəmlidir. Bu idman, incəsənət, oxu və ya hər hansı maraq sahəsi ola bilər”.

