“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyası (BTMA) və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) birgə təşkilatçılığı ilə baş tutub.
“Tehsil365“ “AZƏRTAC”a xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Simpoziumu giriş sözü ilə açan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri, BTMA İdarə Heyətinin üzvü, professor Fuad Sərdarlı tədbirin region üçün əhəmiyyətini vurğulayıb, böyrək transplantasiyasının xroniki böyrək xəstələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını qeyd edib.
Şamaxı RMX-nin direktoru Natiq Əliyev çıxışında regionlarda ixtisaslaşmış tibbi xidmətlərin inkişafının əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarını genişləndirdiyini bildirib. O, ölkədə orqan transplantasiyası sahəsində həyata keçirilən islahatların, xüsusilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılmasının bu sahədə şəffaflıq və effektivliyi artırdığını diqqətə çatdırıb.
BTMA-nın İdarə Heyətinin sədri tibb elmləri doktoru Rəşad Şolan çıxış edərək, 2025-ci ilin fevral ayında ölkədə ilk dəfə meyitdən orqan transplantasiyası əməliyyatının icra olunmasını Azərbaycan səhiyyəsi üçün tarixi hadisə kimi dəyərləndirib. O, orqan donorluğu ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Simpozium çərçivəsində “Beyin ölümü” və “Xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası” mövzularında panel iclasları keçirilib. Məruzələrdə beyin ölümünün müasir diaqnostikası, orqan donorluğunun hüquqi əsasları, diabetik nefropatiya, böyrək transplantasiyasında mürəkkəb klinik hallar və müasir müalicə strategiyaları ətraflı müzakirə olunub.
Tədbirdə, həmçinin böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələr çıxış edərək, həkimlərə göstərilən tibbi yardıma görə təşəkkürlərini bildiriblər. Simpoziumun sonunda bir qrup həkim ölümündən sonra orqanlarını bağışlamaq üçün könüllü müraciət etdiklərini bəyan edərək, bu sahədə ictimai məsuliyyətin artırılmasına çağırış ediblər.

