Astanada Türk Akademiyasının yaradılmasının 15 illiyi və UNESCO tərəfindən təsis edilmiş Dünya Türk Dili Ailəsi Günü münasibətilə təntənəli tədbir keçirilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, tədbir çərçivəsində Türk Akademiyasının 15 illik fəaliyyəti dövründə nəşr olunmuş elmi nəşrlərdən ibarət sərgi təşkil edilib. Ekspozisiyada akademiyanın elmi fəaliyyətinin əsas istiqamətlərini əks etdirən kollektiv tədqiqat əsərləri, monoqrafiyalar və digər nəşrlər nümayiş etdirilib.
Kitab sərgisini Türk Akademiyasının formalaşma və inkişaf mərhələlərini, beynəlxalq layihələrini, elmi ekspedisiyalarını, arxeoloji tədqiqatlarını, həmçinin türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş əsas hadisə və təşəbbüsləri əks etdirən fotoqaleraya tamamlayıb.
Təntənəli qəbulda Türk Akademiyasının prezidenti akademik Şain Mustafayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, ictimai xadim və diplomat, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sabiq üzvü, professor Adil Əhmədov, həmçinin Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru professor Janseit Tuymebayev təbrik nitqləri ilə çıxış ediblər.
Yubiley tədbirində Qazaxıstan Respublikası Parlamentinin deputatları, Türk dünyası ölkələrinin diplomatik nümayəndəliklərinin səfirləri və rəsmi nümayəndələri, Türk əməkdaşlığı təşkilatlarının təmsilçiləri, dövlət qurumlarının rəhbərləri, Qazaxıstanın aparıcı universitetlərinin, kitabxana və muzeylərinin nümayəndələri, tanınmış alimlər və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Çıxışında Türk Akademiyasının prezidenti Şain Mustafayev yubiley tədbirinin məhz Qazaxıstanda keçirilməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, Türk Akademiyasının yaradılması təşəbbüsü 2009-cu ildə Naxçıvanda keçirilən Türk Dövlətləri Zirvə Görüşündə Qazaxıstan tərəfindən irəli sürülüb, 2010-cu ildə isə Astanada təşkilatın fəaliyyətinin əsasları qoyulub.
Akademiyanın rəhbəri bildirib ki, ötən 15 il ərzində Türk Akademiyası Türk dünyası məkanında unikal ümumi elmi mərkəz kimi formalaşıb, elmi əməkdaşlığın inkişafına, ortaq tarixi-mədəni irsin qorunmasına və türk dövlətləri arasında intellektual inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfələr verib.
“Akademiyada tarix, arxeologiya, etnoqrafiya, ədəbiyyat, dilçilik, terminologiya, incəsənət, eləcə də sosial-iqtisadi sahələr üzrə fundamental layihələr həyata keçirilir. Bu tədqiqatların nəticəsi olaraq türk birliyinin möhkəmləndirilməsinə və biliklərin gələcək nəsillərə ötürülməsinə yönəlmiş elmi nəşrlər hazırlanıb. Monqolustanın Nomqon ərazisində, eləcə də Qazaxıstanın Jankent və Manqistau vilayəti ərazilərində aparılan arxeoloji tədqiqatlara xüsusi diqqət yetirilir və bu araşdırmaların nəticələri elmi ictimaiyyətə geniş şəkildə təqdim olunur. Ötən il Akademiyanın dəstəyi ilə ümumtürk əlifbası qəbul edilib, eyni zamanda, dövlət başçılarının tapşırığı ilə “Türk ölkələrinin tarixi” adlı akademik monoqrafiyanın hazırlanması istiqamətində iş aparılır”, – deyə Şain Mustafayev bildirib.
O, həmçinin qeyd edib ki, Akademiya akademik mübadilə proqramları, Türk Dünyası Universitetlər İttifaqı (TURKUNIB) və ORHUN təşəbbüsü vasitəsilə elm və təhsil sahəsində inteqrasiyanı fəal şəkildə inkişaf etdirir, vahid elmi və intellektual məkanın formalaşdırılması üçün platforma yaradır. Onun sözlərinə görə, akademiya gələcəkdə də elmi diplomatiyanın genişləndirilməsini, türk dövlətləri arasında mədəni və akademik əməkdaşlığın daha da möhkəmləndirilməsini qarşısına məqsəd qoyur.
Çıxışının sonunda Şahin Mustafayev Qazaxıstanın formalaşmaqda olan regional elm və təhsil mərkəzi kimi rolunu xüsusi vurğulayıb, birgə elmi tədqiqatların, akademik mobilliyin və elmi diplomatiyanın əhəmiyyətini qeyd edərək hər kəsi Dünya Türk Dili Ailəsi Günü münasibətilə təbrik edib, türk xalqlarının ortaq dil və mədəni irsinin qorunması və təşviqinin vacibliyini diqqətə çatdırıb.
Rəsmi qəbulun yekun hissəsində türk ölkələrinin musiqi ənənələrini əks etdirən konsert proqramı təqdim olunub.

