Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk mühüm nailiyyətini əldə edib. Universitetin Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” ixtisasları dünyanın nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub.
“Tehsil365” xəbər verir ki, akkreditasiya çərçivəsində hər iki ixtisas üzrə təhsil alan gələcək məzunlar 5 il müddətində ACCA-nın bir sıra imtahanlarından — Business and Technology, Management Accounting, Financial Accounting, Corporate and Business Law — azad ediləcəklər.
Qeyd edilib ki, bu akkreditasiya bakalavriat səviyyəsində “Mühasibat” və “Maliyyə” ixtisasları üzrə akademik məzmunun, təlim nəticələrinin və qiymətləndirmə mexanizmlərinin ACCA-nın beynəlxalq standartlarına tam uyğun olduğunu təsdiqləyir.
Bildirilib ki, əldə olunan beynəlxalq akkreditasiya hər iki ixtisas üzrə məzunlar üçün qlobal tanınma və geniş karyera imkanları yaradır.
Qısa müddət ərzində əldə olunan bu əhəmiyyətli nailiyyət münasibətilə Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbə və əməkdaşları təbrik olunub, əməyi keçən bütün əməkdaşlara təşəkkür ifadə edilib. Qeyd olunub ki, Qarabağ Universiteti ailəsinin üzvü olmaq böyük qürur mənbəyidir.

