16 dekabr 1961-ci ildə Bakıda dünyaya gəlmiş Salatın Əziz qızı Əsgərova Azərbaycanın müasir tarixində cəsarəti, peşəkarlığı və vətənpərvərliyi ilə iz qoymuş şəxsiyyətlərdən biridir.
"Tehsil365" xəbər verir ki, O, Birinci Qarabağ müharibəsində şəhid olmuş ilk qadın jurnalist kimi Azərbaycan mətbuatının şərəfli simalarındandır.
Salatın Əsgərova jurnalistika fəaliyyətini ön cəbhədə, təhlükənin mərkəzində davam etdirərək xalqımıza həqiqətləri çatdırmaq missiyasını yerinə yetirirdi. 1991-ci il yanvarın 9-da xidməti vəzifəsini yerinə yetirərkən Laçından Şuşaya gedən zaman Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı birləşmələri tərəfindən amansızcasına qətlə yetirildi.
Onun göstərdiyi şücaət və vətənə sədaqət yüksək qiymətləndirilərək, Salatın Əsgərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Bu gün, doğum günündə qəhrəman jurnalistin əziz xatirəsi böyük ehtiramla anılır. O, vətən və söz qarşısında göstərdiyi fədakarlığı ilə yaddaşlara əbədi həkk olunub.

