Azərbaycan musiqisinin dahilərindən biri, caz-muğam üslubunun banisi, bəstəkar və pianoçu Vaqif Əziz oğlu Mustafazadənin vəfatından 45 il ötür.
"Tehsil365" xəbər verir ki, 16 dekabr 1979-cu ildə Daşkənddə dünyasını dəyişən sənətkar milli musiqi ilə dünya cazını vəhdətə gətirərək Azərbaycan musiqisinin inkişafında yeni bir səhifə açıb.
1940-cı ildə Bakıda anadan olan Vaqif Mustafazadə hələ gənc yaşlarında musiqidə fərqli yanaşması və yenilikçi axtarışları ilə seçilib. O, cazla muğamı birləşdirərək unikal bir musiqi janrı yaratdı və Azərbaycan musiqisinin sərhədlərini dünyaya doğru genişləndirdi.
Onun virtuoz ifaları, bəstələri və caz improvizasiyaları həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük maraqla qarşılanıb. Vaqif Mustafazadənin sənət mirası bu gün də gənc musiqiçilər və sənətsevərlər üçün ilham mənbəyidir.
1979-cu ildə ölümündən bir neçə ay əvvəl "Azərbaycan SSR Əməkdar artisti" fəxri adına layiq görülən sənətkar, həm də dünya caz musiqisinin nadir fenomenlərindən biri kimi tanınır. Onun yolu bu gün qızı, "cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadə tərəfindən uğurla davam etdirilir.
Vaqif Mustafazadənin sənəti və ruhu Azərbaycan musiqisinin yaddaşında daim yaşayacaq.

