16 dekabr 1992-ci ildə Bakı şəhərində vəfat edən əfsanəvi azərbaycanlı hərbi təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Adil Hüseyn oğlu Quliyevin xatirəsi bu gün ehtiramla yad olunur.
"Tehsil365" xəbər verir ki, 1922-ci il noyabrın 22-də Bakıda anadan olan Adil Quliyev İkinci Dünya müharibəsində göstərdiyi misilsiz şücaətlə adını tarixə yazıb. O, 1-ci Baltikyanı cəbhəsində, 3-cü aviasiya ordusunun tərkibində 1-ci qvardiya qırıcı aviasiya korpusunun, 4-cü qvardiya qırıcı aviasiya diviziyasının 65-ci qvardiya qırıcı aviasiya polkunda eskadrilya komandirinin müavini kimi xidmət edib.
Adil Quliyev düşmənə qarşı çoxsaylı döyüş əməliyyatlarında iştirak edərək cəsarəti və peşəkarlığı ilə fərqlənib. Onun qəhrəmanlığı 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə qiymətləndirilib. Elə həmin ildən Sovet İttifaqı Kommunist Partiyasının da üzvü olub.
Adil Quliyev Azərbaycan aviasiya tarixinin parlaq simalarından biri olaraq yaddaşlarda qalır. Onun keçdiyi şərəfli döyüş yolu və vətənpərvərliyi gənc nəsillər üçün örnəkdir.

