Məqsəd tələbə sayını süni şəkildə artırmaq deyil. Qəbul planını optimallaşdırmaq, tələbə sayını müəyyən qədər azaltmaqla hər bir tələbəyə düşən resursu və diqqəti artırmaq lazımdır.
“Tehsil365” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında (NASCO XXVIII) deyib.
Nazir bildirib ki, ali təhsillə elm arasında daha çox əlaqə yaradılmalıdır: “Bu istiqamətdə əsaslı şəkildə kəmiyyət və keyfiyyət artımı var. Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır. Əgər ümumilikdə, istər idarəetmə, istərsə də maliyyə baxımından qəbul olunan tələbələrin sayını artırırıqsa, lakin bu artımı keyfiyyətlə müşayiət etmiriksə, nəticədə təhsil səviyyəsi aşağı düşür. Bu isə uzunmüddətli perspektivdə universitetlərin və ümumilikdə təhsil sisteminin inkişafına mənfi təsir göstərir”.

