Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin görkəmli nümayəndəsi Mirzə İbrahimovun vəfatından bu gün 31 il ötür.
"Tehsil365" xəbər verir ki, O, 17 dekabr 1993-cü ildə Bakıda vəfat edib.
Mirzə İbrahimov 15 (28) oktyabr 1911-ci ildə Cənubi Azərbaycanın Eyvəq kəndində anadan olub. Yazıçı, dramaturq, publisist və ictimai-siyasi xadim kimi Azərbaycan mədəniyyətinə və dövlət idarəçiliyinə böyük töhfələr verib. O, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdi.
Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyan Mirzə İbrahimov “Gələcək gün”, “Pərvanə”, “Kəndçi qızı” kimi əsərlərin müəllifidir. Onun dram əsərləri uzun illər teatr səhnələrində uğurla nümayiş olunub.
O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958), maarif naziri (1942–1947), Yazıçılar İttifaqının rəhbəri, SSRİ və Azərbaycan SSR Ali Sovetinin dəfələrlə deputatı kimi də fəaliyyət göstərib.
Mirzə İbrahimov Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Xalq yazıçısı (1961), “Stalin” və Mirzə Fətəli Axundov adına Dövlət mükafatları, eləcə də Beynəlxalq Nehru mükafatı laureatı idi.
Ədəbiyyat və ictimai fəaliyyət sahəsindəki zəngin irsi ilə Mirzə İbrahimov bu gün də hörmət və ehtiramla xatırlanır.

