Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və qəbul imtahanlarında nəticələrin emalı zamanı bəzi abituriyentlərin cavablarının şübhə doğurduğunu müəyyən edib.
“Tehsil365” xəbər verir ki, Aparılan xüsusi yoxlama alqoritmləri nəticəsində bu hallarla bağlı araşdırma başladılıb.
Araşdırmalar zamanı məlum olub ki, ümumilikdə 11 abituriyent bu prosesdə iştirak edib. Həmin şəxslər şahid qismində ifadə verərək, qeyri-qanuni addımlarını etiraf ediblər. Onlara texniki cihazlardan istifadə edərək imtahanda uğur qazanmaq üçün kömək göstərilməsi qarşılığında müxtəlif məbləğlərdə pul alınıb.
Cinayət işi çərçivəsində Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki vasitələrin istifadəsini təşkil edən əsas şəxslər kimi ittiham olunurlar. Onlar abituriyentlərlə öncədən görüşərək, cihazların istifadəsi ilə bağlı təlimatlar veriblər.
Qeyri-qanuni fəaliyyətin detallarından biri də xüsusi hazırlanmış idman ayaqqabıları olub. Belə ki, bu ayaqqabıların alt hissəsi xüsusi şəkildə kəsilərək cizgi cihazlarının gizlədilməsi üçün yer düzəldilib. Beləcə, girişdə keçirilən yoxlamalar zamanı bu cihazlar aşkar edilməyib. Hətta bu ayaqqabıları hazırlayan pinəçi də şahid qismində istintaqa cəlb olunub.
DİM bu cür halların qarşısının alınması üçün ciddi tədbirlərin davam etdiriləcəyini və imtahan prosesinin şəffaflığının daim diqqət mərkəzində saxlanılacağını bildirib.

