İsveç Məşğulluq Xidmətinin yeni hesabatına görə, ölkədə əmək bazarı hələ də pandemiya və iqtisadi böhrandan əvvəlki səviyyəyə qayıda bilməyib. İşsizlik səviyyəsinin yalnız 2027-ci ilin sonuna doğru stabilləşəcəyi proqnozlaşdırılır.
"Tehsil365" xəbər verir ki, son illərdə müşahidə olunan yüksək inflyasiya, faiz dərəcələrinin artması, qlobal ticarət siyasətindəki qeyri-müəyyənlik və özəl istehlakın durğunluğu iqtisadi tənəzzülə səbəb olub. Bu durum yalnız az təhsilli insanlara deyil, ali və orta ixtisaslı mütəxəssislərə də mənfi təsir göstərib.
Hazırda ölkədə 367 min nəfər işsiz kimi qeydiyyatdadır. 2026-cı ildə bu rəqəmin 345 minə enəcəyi, 2027-ci ildə isə böhran öncəsi göstəricilərə çatacağı gözlənilir.
İqtisadi bərpa prosesinə ən tez reaksiya verən qrup gənclərdir, lakin tam orta təhsili olmayan və ya əlilliyi olan şəxslərin əmək bazarına çıxışı hələ də çətindir.

