Hindistan hökuməti ali təhsilin idarə olunması və tənzimlənməsi sistemində köklü dəyişikliklər etmək məqsədilə yeni çətir komissiyası yaratmağı planlaşdırır.
"Tehsil365" xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən hazırlanan qanun layihəsində UGC (Universitet Qrantları Komissiyası), AICTE (Texniki Təhsil üzrə Ali Şura) və NCTE (Müəllim Təhsili üzrə Milli Şura) kimi mövcud qurumların əvəz olunması nəzərdə tutulur.
Yeni sistemə əsasən, “Viksit Bharat Shiksha Adhishthan” (VBSA) adlandırılan 12 üzvlük çətir komissiya yaradılacaq. Bu qurumun nəzdində üç əsas şura – Tənzimləmə Şurası, Akkreditasiya Şurası və Standartlar Şurası fəaliyyət göstərəcək. Beləliklə, ali təhsil sahəsində normativlərin tək mərkəzdən idarə olunması təmin ediləcək.
Layihəyə əsasən, UGC-nin qrant bölgüsü funksiyası isə birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu dəyişikliklər ali təhsildə şəffaflığın artırılması, qərarların səmərəliliyinin yüksəldilməsi və standartların unifikasiyası məqsədi daşıyır.
Rəsmi mənbələrə görə, islahatların həyata keçirilməsi ölkənin 2047-ci il üçün təhsil strategiyasına uyğun olaraq hazırlanıb və “Viksit Bharat” – İnkişaf Etmiş Hindistan vizyonunun bir hissəsidir.

