Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Qobustan rayonunda yerləşən mərkəzinə Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün infotur təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbirdə BMU-nun “Ekologiya mühəndisliyi”, “Ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması” ixtisasları üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələr iştirak ediblər.
İnfotur çərçivəsində tələbələrə mərkəzin fəaliyyət istiqamətləri, qlobal rabitə şəbəkəsində rolu, regional kosmik mərkəz kimi əhəmiyyəti və kosmik sənayenin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Səfər zamanı tələbələr peyk texnologiyalarının tətbiq sahələri, o cümlədən yerin məsafədən müşahidəsi, ətraf mühitin idarə olunması, dağ-mədən sənayesi kimi sahələrdə istifadəsi ilə tanış olublar. Həmçinin “Azersky” peykinin idarə olunması, onun alt sistemləri və orbitə görə təsnifatı barədə maraqlı təqdimatlar keçirilib.
İnfotur tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

